Anasayfa Məqalələri publisistik məqalələr TƏHSİLİN FƏLSƏFİ PROBLEMLƏRİ
TƏHSİLİN FƏLSƏFİ PROBLEMLƏRİ PDF faylını al Çap E-poçt
Yazan Administrator   
06.09.10 10:55

“KAİNAT”, №1 səh. 16-19, 2001

 

Təhsil - biliklərin gənc nəslə ötürülməsidir. Elm - yeni biliklərin əldə edilməsidir. Təhsil – milli, bəşəri hadisədir. Elm - bəşəri, milli hadisədir. Təhsildə millilik, elmdə kosmopolitizm çoxdur. Təhsillə müqayisədə elmin zamana görə dəyişmə sürəti çox böyükdür. Təhsil elmlə müqyisədə ətalətlidir.

Təhsildə nəticələr çoxlu insanların səyi nəticəsində əldə edilir. Elmdə nəticələri fərdlər alırlar. Təhsildə nəticələr on illərlə əldə edilir. Elmdə nəticələr aylar və illər ərzində əldə edilə bilər. Təhsildə təhsil alan hadisənin obyektidir. Elmdə tədqiqatçı hadisənin subyektidir.

Təhsil qocalmayan sahədir. Elm tez qocalan sahədir. Elmdə məqsəd lokaldı, fərdlər üçündür. Təhsildə məqsəd qlobaldı, kütlə üçün nəzərdə tutulur.

Təhsildə yeniləşmənin sürəti azdır. Elmdə isə bu sürət çoxdur. Bu səbəbdən də kvazi elmi nəticələr elmdə hay-küy qaldıra bilir, ancaq tez aşkarlanır və ifşa olunur. Təhsildə kvazi yeniliklərin ifşası çətin məsələdir. Elmlə müqayisədə təhsil daha çox ölçülü-biçimli olmağı və daha çox qayğı tələb edir.

Təhsil sisteminin məxsusi xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, ona edilən təsirlər (müsbət və mənfi) özünü çox gec büruzə verir. 1920-ci illərdə təhsilə göstərilmiş qayğı 1940-cı və 50-ci illərdə öz bəhrəsini verdi. 1950-ci illərdə təhsilə vurlan zərbələr 1980-90-cı illərdə özünü büruzə verib üzə çıxdı.

Yuxarıda göstərilən fərqlərə baxmayaraq, bu iki sahə  daim  bir-birini  qarşılıqlı  zənginləşdirirlər.

Müstəqil Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dövletlər birliyinə inteqrasiyası, çağdaş ictimai-siyasi durum, həm də dünyada gedən qlobal dəyişikliklər (dünyanın yeni maraq dairələrinə bölünməsi, sənaye bazalı cəmiyyətlərin elmi-texnoloji və informasiya bazalı cəmiyyətlərə keçməsi) çoxlu mürəkkəb və həlli vacib problemlər yaradır. Bu problemlərin həlli insanlardan daha çox biliklərə yiyələnməyi tələb edir. Yaradıcı fəaliyyət üçün ağıl lazımdır. Ağıl potensialından istifadə etmək üçün təhsil almaq lazımdır.

Təhsil qocalmaq bilməyən peşələrdəndir. Hələ bir neçə min il öncə Çin fılosofu Konfutsi: "Əgər bir illik planın varsa, taxıl ək. Əgər 10 illik planın varsa, bağ sal. Əgər 100 illik planın varsa, insanları öyrət", - demişdir. YUNESKO-nun son sənədlərində isə təhsil "xəzinəsi özündə" olan fenomen hesab edilir.

Müasir dünyada dövlətlər adətən iqisadi qüdrətinə görə sıraya düzülürlər. İqtisadiyyatın açarı texnikadadır. Texnikanın açarı texnologiyadadır. Tex-nologiyanın açarı elmdədir. Elmin açarı təhsildədir. Beləliklə, iqtisadiyyatın da açarı təhsildədir qənətinə gəlmək olar. Deməli, iqtisadiyyatımız təhsilimizin başqa müstəvi üzərində inikasıdır. Odur ki, dövlətin güclü olması üçün xəzinəsi özündə olan təhsil sisteminin potensialından istifadə etmək lazımdır.

Təhsilin cəmiyyətdə rolunu yüksək tutaraq amerikalılar hesab edirlər ki, əvvəla, XXI əsrdə dövlətlərin qarşılaşacağı problemlər XX əsrdən asan olmayacaqdır. İkincisi, ölkənin inkşaf vasitəsi onun siyasi quruluşu, iqtisadiyyatı, hərbi deyil, yeni tipli təhsildir. Üçüncüsü, təhsil ölkəni lazımi səviyyədə saxlamağa qadir olmalıdır. A.Linkolinin bir kəlamında deyilir: "Bir nəfəri həmişə, hamını bir dəfə aldatmaq olar. Hamını həmişə aldatmaq olmaz". Təhsil güclü olarsa, bir nəfəri də aldatmaq çətin olar.

Təhsilin fəlsəfəsi haqqında söhbət açmazdan əvvəl,  təhsil haqqında bəzi tanınmış filosofların və siyasətçilərin fikirləri ilə tanış olaq:

C.Leopardin: "Bilik sərvət deyil ki, onu hissələrə böləndə və ya bölünmüş hissələri bir yerə toplayanda ümumi dəyəri dəyişməz qalsın. O yerlərdə ki, hər kəs az bilir, orada hamı az bilir, çünki bilik bölünməzdir ".                                   

Heydər Əliyev: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməmizdən asılı olacaqdır".                                                   

C.Hibben: "Təhsilin ali məqsədi bilik toplamaq deyil, hərəkətdir".                 

Karl Yaspers: "Ali məktəblərin kütləvi şəkildə yaranmasından elmin elm kimi məhvolma tendensiyası yaranır".                                                                        

Cefforson: "İnsanlara orta təhsil verin, ruha və cana edilən zülm, sübh işığında cin kimi yox olacaqdır."                                                                                         

 

Təhsildə fərd-kütlə

və kəmiyyət - keyfiyyət  münasibətləri

 

Təhsil almaq insanların əsas hüquqlarından biri olmaqla bərabər cəmiyyət üçün çox vacib və ümdə məsələlərdən sayılır. Təhsil insanların potensial imkanlarının hərtərəfli açılmasına kömək edən əsas vasitədir. Cəmiyyətin harmonik inkişafına kömək edir və geriqalma problemini kökündən həll edir. Təhsil və mədəniyyət qabaqcıl dövlətlərin "dövlət maşınının" işlətdiyi əsas "xammaldır, yanacaqdır". Dövlət maşını dedikdə ölkənin potensialını xalqın arzusuna çevirən idarəetmə aparatı nəzərdə tutulur.

Sovet təhsilinə fəlsəfi baxış: Sovet təhsilinin canı, ana xətti kütləni təhsilli etmək olmuşdur. Bayrağında oraq və çəkicin şəkli olan cəmiyyət marksizmə əsaslanaraq oraq və çəkicin daşıyıcılarını özünün xilaskarı hesab etdiyindən bu kütlənin təhsilli olmasına çalışırdı. Dövlət bu konsepsiyaya sadiq qalaraq hər kənddə, obada, binədə məktəb açmışdı. Sovet dövləti bunu pulunun çoxluğundan etmirdi. Bunun ideoloji səbəbi var idi. O da bundan ibarət idi ki, sosial ədalətli cəmiyyət qurmaq kimi tarixi missiyanı öz üzərinə götürmüş proletariatın övladlarını savadlandırsın. Bu isə o deməkdir ki, təhsilin üfiqi istiqamətdə inkişafı aparıcı idi və siyasət səviyyəsinə yüksəldilmişdir. Sovet təhsil sistemi təhsilin şaquli istiqamətdə inkişafına lazımi diqqət yetirmirdi. ABŞ-ın bir universitetində işləyən Nobel mükafatı laureatlarının sayı bütün Sovetlər ölkəsindəkindən çox idi.

Sovet təhsil sisteminin uğurları çoxdur və bizə yaxşı rnəlumdur. O cəmiyyətdə, müəllimin sosial statusu çox yüksək idi. Müəllim o qədər şərəfli sənət sayılırdı ki, hətta elin, obanın hörmətli insanlarına da "müəllim" deyirdilər. Bununla bərabər, o təhsil sisteminin qüsurlan, problemləri də az deyildir.

Subyektiv fıkrimcə, problemin olmasından yox, olmamasından narahat olmaq lazımdır. Cəmiyyət problemləri həll edə-edə inkişaf edər. Bu səbəbdən də məktəbdə olan qüsurlardan danışmaq vacibdir.

Təhsildəki qüsurları iki qrupa bölmək olar: əsas və törəmə qüsurlar. Əsas qüsurlar təhsilin konseptual müddəalarından uzaqlaşdıqca yaranır. N.Xruşşov dövründə alimin, müəllimin cəmiyyətdə sosial statusu,  zaman-zaman xeyli aşağı düşdü. Bunun əvəzində aqronom və zootexnikin sosial statusu ön plana çəkildi və müəllimin statusundan qəlbi tutuldu. Yəni təhsilin konseptual əsaslarından birindən imtina edildi. Cəmiyyətin mənəvi mühitinin ağırlıq mərkəzi sürüşdü. Bu zərbədən sonra Sovet təhsil sistemi özünü düzəldə bilmədi. Zaman keçdikcə zəiflədi, xəstələndi və bunun nəticəsində cəmiyyətdə mənəvi çürümə, deqradasiya başladı. İqtisadi, hərbi cəhətdən qüdrətli ölkə olan SSRİ, yaşama qabiliyyətini itirdi.

Digər fundamental səbəb, təhsilin üfüqi və şaquli istiqamətdə inkişafı arasında, fəlsəfi dillə desək məzmunla forma arasında münasibətin pozulması ilə bağlıdır. Ölkədə məktəb şəbəkəsinin genişlənməsi (kəmiyyət göstəricisinin artması), keyfiyyət göstəricisinin möhkəmlənməsi ilə müşahidə olunmurdu. Nə orta məktəb imtahanları, nə də ali məktəb imtahanları məqsədinə qulluq etmirdi, formal xarakter daşıyırdı. Bu proseslərdə milli maraqlar şəxsi maraqlara qurban verilirdi. Bu fundamental qüsurlar, çoxlu sayda törəmə qüsurlar yaradırdı.

 

Yeni təhsilə keçidin zəruriliyi

Azərbaycan bir ictimai-siyasi quruluşdan digərinə keçərək, keçid dövrünü yaşayır. Təbii olaraq, ölkənin təhsil sistemi də öz keçid dövrünü yaşayaraq sovet  təhsil sistemindən bəşəri təhsil sisteminə keçməlidir. Yeni quruluşun ruhunu özündə əks etdirən təhsil sisteminə ehtiyac duyulur. Digər tərəfdən də dünya, sənaye bazalı cəmiyyətlərdən texnoloji və elmi bazalı cəmiyyətlərə keçir. Bu keçidlər də təhsilin qarşısında yeni-yeni məqsədlər qoyur. Elm və texnologiyanın təsiri altında sürətlə dəyişən cəmiyyətdə qarşıya çıxan problemləri həll etmək üçün təhsil insanlara yeni biliklər və vərdişlər öyrətməlidir.               

Dünyada gedən qlobal və təbii dəyişikliklər keçmiş təhsil sistemindən miras qalmış çoxlu qüsurların və mənfi halların mövcud olması təhsil sistemində yeniləşmə  apanlması zərurətini yaradır. Göründüyü kimi, köhnə quruluş dağılmasaydı belə, yeni dövrün tələbləri təhsildə islahat aparılması zərurətini yaradır.       

                                   Yeni təhsil sisteminin fəlsəfəsi

                                                     haqqında

Cəmiyyətin inkişafı ilə bərabər təhsil sistemi də inkişaf etməlidir. İndiki dövrün tələblərinə cavab verən yeniləşmənin uğurla getməsi üçün ilk növbədə yeni təhsil sisteminin fəlsəfəsi, onun konseptual müddəaları müəyyənləşməlidir. Yeni konsepsiya köhnənin davamı ola bilməz və ondan çox fərqlənməlidir. Çünki, yeni qurulan cəmiyyətin nəzəri əsası əvvəlkinin davamı deyildir.

Yeni təhsil sisteminə keçid ciddi problemlərlə qarşılaşır. Köhnə təhsil sistemi ilə təzə təhsil sistemi arasında, yeni təfəkkür tərzi ilə köhnə təfəkkür arasında, yeni biliklərlə köhnə biliklər ara-sında, qapalı cəmiyyətin kütləvi təhsili ilə açıq cəmiyyətin liberal təhsili arasında ziddiyyətlər var və bu səbəbdən onlar arasında gedən mübarizə təbiidir. Təhsilin fəlsəfəsinin araşdırılması akademik bir mövzu olsa da və geniş oxucu kütləsi üçün az əhəmiyyət kəsb etmir və bu səbəbdən də mövzunun "Kainat" jurnalının səhifələrinə çıxarılmasını məqsədə müvafiq sayıram.

Yeni təhsil sistemini yeni quruluşun fəlsəfəsinə uyğun özündə yeni ideya, yeni münasibət, yeni təhsil texnologiyası birləşdirərək qurmaq lazımdır.Yeni təhsil sistemi Azərbaycanın müstəqilliyinə və iqtisadiyyatına xidmət etməlidir. Yeni təhsil sisteminin ana xətti, başqa sözlə desək, konseptual müddəalarından biri bu olmalıdır ki, diqqət mərkəzinə şəxsiyyət çəkilsin. Cəmiyyətin aparıcı qüvvəsi istedadlı insanlar, şəxsiyyətlər hesab edilməlidir. Şəxsiyyətin keçmişdə danılmış rolu bərpa edilməli, proletariatın (kütlənin) tarixi missiyasından isə imtina edilməlidir. İstedadlı gənclərin təhsildən kənarda qalması yolverilməzdir. Belə gənclər yaxşı təhsil sistemindən keçsələr, gələcəkdə nəinki özləri ayaq üstə möhkəm dayanacaqlar, bir çox hallarda yeni ideyalar əsasında yeni qurumlar (özəl, ictimai, yaradıcı təşkilat və s.) yaradaraq yüzlərlə həmvətənlərinə iş yeri açacaqlar. Xalqın hörmətini qazandıqdan sonra belə insanların fəaliyyəti, davranışı gənc nəsil üçün örnək ola bilər. Olimpiadalar, bilik yarışlarının təşkili "qızü" və "gümüş" medallar praktikasına qayıdış yeni quruluşun ruhuna uyğundur.

Müstəqil Azərbaycanda dövlət - vətəndaş münasibəti yeni əsaslarla qurulur. Vətəndaş cəmiyyətinin mahiyyəti "dövlət-vətəndaş" münasibəti şaquli müstəvidən, üfiqi müstəviyə keçir. Bu şaquli istiqamətdə dövlət nəzarətinin zəifləməsi hesabına baş verir. Praktiki həyatda bu o deməkdir ki, əgər biri övladına yüksək səviyyəli təhsil vermək istəyirsə və başqa bir nəfər isə bu işi uğurla görə bilərsə, dövlət bu işə maneçilik yox, şərait yaratmalıdır. "Repetitorluq" bu prosesin həyatda primitiv şəkildə təzahürüdür. Ali səviyyədə bu missiyanı özəl məktəblər və universitetlər həyata keçirə bilər və keçirirlər. Yeni təhsil sisteminin fəlsəfı, konseptual əsaslarından biri, əgər belə demək mümkünsə, təhsilin liberallaşmasıdır. Bu isə təhsil sisteminin demokratikləşməsi, yeni iqtisadi münasibətlərə cəlb edilməsi və ən nəhayət, kütlənin yox, şəxsiyyətlərin diqqət mərkəzinə çəkilməsidir. Bu isə təhsilin şaquli inkişafını əsas mövqeyə çıxarır və dövlət siyasəti səviyyəsinə yüsəldir. Praktiki həyatda bu o deməkdir ki, talantlı adamlarm potensialının hərtərəfli açılması, lazımi bilik almaları üçün şərait yaradılmalıdır. Bu sistemdə keyfıyyət əsas me'yar kimi çıxış edir.

Təhsilin liberallaşması tədris fənlərinin də dövrün, zamanın, XXI əsrin tələblərinə uyğun olaraq seçilməsini və tədris edilməsini tələb edir. ABŞ-ın milli təhsil proqramında göstərildiyi kimi, bu fənlər içərisində riyaziyyat və təbiət elmləri aparıcı yer tutmalıdır.

Təhsilin liberallaşması milli mənafeyə uyğun, yerli şəraiti nəzərə almaqla yeni tipli məktəblərin (bələdiyyə məktəblərinin) yaradılması zərurətini yaradır. Yeni təhsil qanununda, sözün geniş mənasında, təhsilin liberallaşmasına əsas yer verilməlidir.

Beləliklə, təhsil sistemində liberal dəyərlərə üstünlük verilməsi, kəmiyyət-keyfiyyət münasibətlərinin yeni siyasi şəraitə uyğun dəqiqləşdirilməsi, fərd-kütlə münasibətlərində fərdin təhsil almasının diqqət mərkəzinə çəkilməsi yeni Təhsil Qanununun fəlsəfəsinin əsasini təşkil etməlidir.

Təhsildə obyekt - subyekt münasibətləri

Fərz edək ki, məktəb həyətində iki gənc dalaşır və biri digərini döyür. Bu hadisənin iki tərəfı var: aktiv və passiv. Prosesi idarə edən onun aktiv tərəfi, idarə olunan isə prosesin passiv tərəfidir. İdarə edən (döyən) tərəf bu hadisənin subyekti, idarə olunan (döyülən) tərəfi isə hadisənin obyektidir.

Bu fıkrin işığında orta məktəbdə dərs prosesinə diqqət yetirək. Sinifdə müəllim dərs deyir. Şagirdlər qulaq asırlar. Bu dərs prosesinin obyekti şagird, subyekti müəllimdir. Çünki müəllim dərs prosesinı idarə edir (və buna görə də əmək haqqı alır). Ona görə ki, müəllimin biliyi, məlumatı, həyat təcrübəsi, dünyagörüşü şagirdinkindən qat-qat çoxdur. Bu bilik və dünyagörüşlər fərqi müəllimi tədris prosesinin subyektinə çevirir. Orta məktəb illərində bu vəziyyət praktiki olaraq saxlanılır. Ali məktəblərdə vəziyyət xeyli dəyişir, tələbələrə müstəqillik verilir. Tələbələr kvazisubyektə çevrilir. Bu müstəqillik də ondan ibarətdir ki, tədris prosesinə yeni metodlar, mühazirələr və seminarlar daxil edilir. Müəllim öz dərslərini mühazirələr şəklində qurur. Tələbələrdən gündəlik dərs soruşmur. Onlara tədris prosesinin subyekti olmaq şansı verilir. Tələbələr seminar dərslərində öz bilik və bacarıqlarını sərbəst nümayiş etdirə bilirlər. Universitetlərdə buraxılış kurslarında diplom işləri üzərində işləyərkən, tələbə öz mövzusunu dərindən öyrənərək subyektləşir.  İngiltərəli Cozefson öz diplom işinə sonralar Nobel mükafatı almışdır. Aspiranturada gənc tədqiqatçı öz rəhbəri ilə birlikdə elmi məqalələr yazır. Bu zaman o, rəhbərinin həmkarı (kolleqa) səviyyəsinə yüksəlir. Elmi mövzunun yerinə yetirilməsində aspirant rəhbəri ilə bərabər hüquqlu subyekt kimi çıxış edir.

Təhsil və qloballaşma

Dünyanın qloballaşmasından yuxarıda söhbət getdi. Dünya qloballaşdıqca insanlar tək doğulduqları ölkələrdə yox, başqa-başqa ölkələrdə fəaliyyət göstərmək imkanı artır. Hal-hazırda çoxlu azərbaycanlılar dünyanın müxtəlif yerlərində uğurla fəaliyyət göstərirlər. Sanki dünyada iş yerləri də qloballaşıbdır. Bakıda da xeyli iş yerləri xarici vətəndaşlar tərəfindən tutulubdur. Bu proses get-gedə daha çox sərtləşəcəkdir. Alman gedib Amerikada, amerikalı Fransada, fransız Bakıda işləyəcəkdir. Bu proses başlayıbdır və bunun qarşısını almaq mümkün deyildir. Təhsil sahəsində Türkiyənin "Çağ" öyrətim şirkətinin uğurlu fəaliyyəti buna misaldır.

Biz, Bakıdakı iş yerlərimizi qorumağı bacarmalıyıq. Bunun üçün gərək  ixtisas fənləri ilə bərabər dil dərslərinin tədrisinə böyük önəm verək. Ç.Aytmatova görə çox dil bilmək ziyahlıq əlamətidir. Orta məktəbdə, ali məktəbdə və aspiranturada dil dərslərinə çoxlu saat ayrılır, deməli pul xərclənir. Amma gənclərimiz dil öyrənə bilmirlər. Xərclənən pul dili açmır. Sovet dövründə xarici dil dərslərinin fəlsəfəsi belə qurulmuşdur ki, təhsilalan orta məktəbdə bir xarici dil, ali məktəbdə ikinci dil və aspiranturada isə üçüncü dil öyrənsin. Ancaq Sovet dövləti qapalı olduğundan bu dillər əvvəla, pis tədris olunurdu, ikincisi də öyrənilsə belə tətbiq tapmadıqlarına görə sonradan unudulurdu. İndi Azərbaycanda müstəqil dövlət və açıq cəmiyyət qurulur. Biz dil dərslərini yeni dövrün tələblərinə uyğun qurmahyıq. Bir neçə xarici dil və ixtisası dərindən öyrənəndən sonra, birincisi, gənc dünyanın çox yerində özünə iş yeri tapa bilər. İkincisi, öz ölkəmizdə iş yerlərinin xarici vətəndaşlar tərəfindən tutulmasının qarşısı alınar. Üçüncüsü, bu dillərin köməyi ilə Azərbaycanın haqq işini və səsini beynəlxalq ictimaiyyətə yaya bilərik. Təsadüfi deyil ki, ABŞ prezidenti Corc Buş prezidentliyinin 15-ci günü təhsillə bağlı öz fikirlərini açıqladı. Riyaziyyatın yə xarici dillərin öyrənilməsinə önəmli yer verdiyini bəyan etdi.

Təhsildə əməyin qiymətləndirilməsinin

metodologiyası

Həm orta, həm də ali məktəb müəllimlərinin əməyinin qiymətləndirilməsi günümüzün vacib problemlərindəndir. Hər bir cəmiyyətdə orta əmək haqqı göstəricisi olduğu məlumdur. Respublika Dövlət Statistika Komitəsinin nəşr     etdiyi "Azərbaycanın statistik göstəriciləri - 2000" kitabına görə iqtisadiyyat üzrə orta aylıq əmək haqqı 1999-cu ildə 168419, təhsil işçilərinin əmək haqqı 132209 manat olmuşdur. Əgər orta məktəb müəlliminin əmək haqqı cəmiyyətin or-ta əmək haqqından azdırsa, belə vəziyyətdə təhsil maşını dövlətin ayırdığı pulu biliyə çevirə bilməz. Təhsildə müsbət nəticələr əldə etmək üçün, təhsil işçilərinin əmək haqqı orta əmək haqqından kifayət qədər yüksək olmalıdır. Təhsil sistemi işçiləri ilə cəmiyyətin aylıq orta əmək haqqı arasındakı fərq aparıcı qüvvəyə çevrilir, stimullaşdırıcı rol oynayır. Bu isə cəmiyyətin sağlam inişafına səbəb olur. Yaxşı olar ki bu fərq iki dəfəyə yaxın olsun. Əgər dövlətin buna imkanı çatmazsa onda bu səviyəyə çatmağı tədricən həyata keçirmək lazımdir.

Tanınmış moskvalı alim prof. S. Kapitsa sovet dövrünün professorunun intellektinin qiymətini 1 000 000 ABŞ dolları səviyyəsində qiymətləndirmişdir. Bu rəqəmin düzlüyünə şübhəm yoxdur. Belə dəyərli alimlər bizim ali məktəblərdə və elmi qurumlarımızda da çoxdur. Son zamanlar bir çox təbəqələrin əmək haqqı xeyli artırıldığından,  tezliklə alimlərimizin də əmək haqqı layiqincə qiymətləndiriləcəyinə inanıram.

Bu il müstəqilliyimizin 10-cu ilini qeyd edəcəyik. On ildir ki, Azərbaycan od-alov içərisindən keçərək öz müstəqil dövlətini qurur. Dövlət quruculuğunun əsas prinsipləri prezident Heydər Əliyev tərəfındən dəfələrlə bəyan edilibdir. Təhsil sahəsi dövlətin aparıcı sahələrindən olduğundan, yeni təhsil sistemini yaradarkən, dövlət quruculuğu prinsiplərindən istifadə edilməlidir. Beləliklə, demokratikləşmə, söz azadlığı, fikir müxtəlifliyi, dünyəvilik, müasirlik ilə tari-xiliyin, milliliklə bəşəriliyin vəhdəti  prinsipləri də təhsil sisteminə tətbiq edilməlidir. Yeni təhsil sistemi dövlət quruculuğunun nəzəri əsaslarına ideologiyasına uyğun qurulmalıdır.

06.09.10 10:57 ərzində olan dəyişikliklər
 

Ulu öndərimiz zaliyeva ilham eliyev mehriban eliyeva